İDMAN
“Real” Fondu Qəzzə bölgəsindəki xeyriyyəçilik fəaliyyətini davam etdirir
Madrid, 21 yanvar, AZƏRTAC
Madridin “Real” futbol klubu BMT-nin fələstinli qaçqınlara yardım edən Yaxın Şərq agentliyi (UNRWA) ilə əməkdaşlığını bərpa edib. Onlar birgə səylərlə Qəzzə bölgəsindəki və İordan çayının Qərb sahilindəki sosial-idman profilli məktəblərdə 1100-dən çox uşağa himayədarlıq edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs 2011-ci ildən həyata keçirilir. Məqsəd dərslərdən sonra uşaqlara idmanla məşğul olmaq imkanı vermək, məktəb kollektivində komanda ruhunu inkişaf etdirməklə təhsil prosesinə dəstək göstərməkdir.
Bu il proqram əsasən Qərb sahilindəki UNRWA məktəblərində tətbiq ediləcək. Xeyriyyəçilər uzun illər həmin təhsil ocaqlarında gender bərabərliyinə xüsusi əhəmiyyət veriblər, əvvəllər yalnız oğlanlara məqbul sayılan idman növlərinə qızların cəlb edilməsi üçün ideal şərait yaradıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid