CƏMİYYƏT
Reanimasiya şöbələrində olan və süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı azalıb
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 30-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 917 min 27-yə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2075-ə bərabərdir. Xəstələrdən 138 nəfəri reanimasiyadadır ki, onlardan da 14-ü süni tənəffüs cihazına qoşulub. Reanimasiya şöbələrində olan və süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı azalıb. Belə ki, avqustun 29-da həmin rəqəmlər müvafiq olaraq 140 və 16-ya bərabər idi.
Xatırladaq ki, avqustun 30-da Azərbaycanda koronavirus infeksiyasına 135 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.