CƏMİYYƏT


Rəbiyyə Cəfərova: İyirmi üç qazinin müalicəsi Türkiyədə davam edir

Bakı, 28 iyul, AZƏRTAC

“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərindən biri, demək olar ki, ən mühümü müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətidir. Həmin istiqamət üzrə şəhidlərimizin ailə üzvlərinin, müharibə əlillərinin, yaralıların ölkə daxilində və ölkə xaricində müalicələri təmin olunur. Buraya dərmanla təminat məsələləri, həmçinin əməliyyat və digər müalicə üsulları daxildir. Bu günə kimi Fondun büdcəsindən 19 milyon manata yaxın vəsait müalicə və psixoloji dəstək xərclərinin qarşılanması üçün xərclənib. Həmin vəsaitlə 10 mindən çox müraciət təmin olunub. On mindən çox müraciətin təxminən 5 mini yaralılara aiddir. Ölkə daxilində müraciətlər təmin edilən zaman əgər müalicənin davamı ölkəmizdə mümkün deyilsə, bu zaman ölkə xaricinə sorğu verilir. Əgər müvafiq ölkənin aidiyyəti səhiyyə müəssisələrindən ən azından biri tərəfindən həmin yaralının və ya şəhid ailəsi üzvünün müalicəsi ilə əlaqədar müsbət öhdəlik cavabı gəlirsə, bu zaman həmin şəxs dərhal ölkə xaricinə müalicəyə göndərilir. Bu günə kimi 178 nəfər müalicə məqsədilə Türkiyəyə müalicəyə göndərilib, onlardan 155-i Vətənə geri qayıdıb. 23 qazinin müalicəsi qardaş ölkədə davam edir.

AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.

Onun sözlərinə görə, bu günə kimi Fonda 74 milyon manatdan çox vəsait toplanıb. Onun 63 milyon manatdan çoxu aidiyyəti istiqamətlər üzrə xərclənib: “Həm məişət şəraitinin yaxşılaşdırılması, həm müalicə və psixoloji dəstək xərclərinin, həm təhsil xərclərinin, həm də istehlak kreditlərinin ödənilməsi ilə bağlı bu günə kimi 13 min şəxsin 27 min müraciət öhdəliyə götürülüb. Həmin müraciətlərin 6 minə yaxını yaralılara aiddir. Rəqəmlərə baxsaq görərik ki, bir şəxsin bir neçə müraciəti təmin olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.