DÜNYA
Rəcəb Tayyib Ərdoğan: Dostum Putinlə danışıqlar ikitərəfli münasibətlərdə yeni səhifə açacaq
Bakı, 7 avqust, AZƏRTAC
Sankt-Peterburqda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqlar Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri ərəfəsində TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.
Türkiyə Prezidenti deyib: “Bu, tarixi səfər, yeni başlanğıc olacaq. İnanıram ki, dostum Vladimirlə danışıqlar ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Ölkələrimiz birlikdə çox işlər görməlidirlər”.
Rəcəb Tayyib Ərdoğan, həmçinin vurğulayıb: “Rusiyanın iştirakı olmadan Suriya probleminin həllini tapmaq mümkün deyil. Suriya böhranını yalnız Rusiya ilə əməkdaşlıq şəraitində tənzimləyə bilərik”.
Türkiyə dövlətinin başçısı Avropa İttifaqı ilə münasibətlərə toxunaraq deyib: “Avropa İttifaqı Türkiyəyə verdiyi vədləri yerinə yetirmir, 53 ildir başımızı aldadır. Biz dürüstlüyümüzü müntəzəm olaraq sübut edirik və eyni münasibəti Aİ-dən gözləyirik. Aİ ikili standartlar siyasətindən əl çəkməlidir”.