DÜNYA
Rəcəb Tayyib Ərdoğan: Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin tezliklə başa çatması üçün bütün imkanlar səfərbər olunub
Ankara, 31 oktyabr, AZƏRTAC
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Səhiyyə Elmi Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışının əvvəlində Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə xalqına xitab edərək, təbii fəlakətin yaratdığı tələfat və dağıntıya dair son məlumatları çatdırıb. Türkiyənin bu sınaqdan da qətiyyətlə çıxacağına əmin olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir. Xilasetmə və digər işlərin tezliklə başa çatması üçün bütün imkanlar səfərbər olunub. Bütün işlər koordinasiyalı şəkildə davam edir. Prezident İlham Əliyev də daxil olmaqla, Türkiyəyə dost, qardaş və qonşu olan dövlət və hökumət başçılarının telefonla zəng edib “keçmiş olsun” dediklərini və yardım təklifi etdiklərini vurğulayan Rəcəb Tayyib Ərdoğan hazırda heç bir köməyə ehtiyac olmadığını və səmimi təkliflərə görə təşəkkürünü çatdırıb.
Sonra Türkiyənin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı apardığı mübarizədən, bu işdə sərgilədiyi qətiyyətli mövqedən bəhs edən dövlət başçısı infeksiya ilə bağlı dünyadakı vəziyyət və böhrandan çıxış yolları ilə bağlı fikir və mülahizələrini bölüşüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara