İDMAN
“Red Bull King of the Rock” turnirinin qalibi müəyyən olunub
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Bakıda Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Red Bull King of the Rock” basketbol turnirinin finalı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Red Bull King of the Rock” 2013-cü ildən ölkənin ən güclü stritbolçusunu müəyyən edən “təkbətək” formatlı unikal küçə basketbol turniridir.
“Red Bull King of the Rock” turnirinin finalında 32 stritbolçu iştirak edib. Qalib Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya finalında Azərbaycanı təmsil edəcək.
Dünya finalında 23 ölkənin, o cümlədən Azərbaycan, Anqola, Belarus, Honqkonq, Gürcüstan, İtaliya, Qazaxıstan, Livan, Litva, Malta, Meksika, Moldova, Polşa, Rusiya, Serbiya, ABŞ, Tayvan, Türkiyə, Tunis, Fransa, Cənubi Afrika Respublikası və Yaponiya nümayəndələri iştirak edəcək.
“Red Bull King of the Rock” turnirinin tarixi 2010-cu ildə başlayır. Həmin il yarım əsr əvvəl məhbusların tərk etdiyi məşhur Alkatras həbsxanasının həyətində “Red Bull” ilk idman tədbiri keçirib. O zaman turnirdə ABŞ-ın qərb sahilboyundan 64 oyunçu iştirak edib.
Azərbaycan ilk dəfə “Rod Bull King of the Rock” turnirinin dünya finalında 2013-cü ildə iştirak edib.