MƏDƏNİYYƏT
“Redisson Royal, Moskva” mehmanxanası yeni xidmət təqdim edir
Moskva, 15 oktyabr (AZƏRTAC). Rusiya paytaxtında çox ehtiyac duyulan, lakin təsadüfi rast gəlinən xidmət – aparat-otel bu ilin sentyabr ayından keçmiş “Ukrayna”, indi isə “Redisson Royal, Moskva” adlanan mehmanxanada təqdim olunur.
Mehmanxananın mətbuat xidmətindən bildirmişlər ki, aparat-otelin başlıca xüsusiyyəti uzun müddətli – 6 aydan çox yaşamaq üçün dəbdəbəli şəraitdir. Başqa sözlə, mehmanxana bir ailə üçün bütün dünyada məşhur olan “stalinka” göydələnində bir neçə otaq və yataq otağından, müasir mətbəx avadanlığı ilə təchiz olunmuş mətbəxdən ibarət nömrə təklif edir. Eyni zamanda, otelin sakinləri beşulduz servisin bütün məziyyətlərindən – fasiləsiz xidmət, yüksək sürətli internet, peşəkar təhlükəsizlik xidməti və sairdən istifadə edə bilərlər.
Oteldə pəncərələri Moskva çayına açılan, 70-140 kvadratmetrlik 38 dəbdəbəli nömrə vardır. Aparat-otellərdə uzun müddət yaşamaq dəbi Rusiyaya Qərbdən gəlmişdir. Avropada bu həyat tərzi artıq çoxlarının ürəyincədir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva