SİYASƏT
Referendum şəffaf və demokratik şəkildə keçiriləcək
Bakı, 24 avqust, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi tədbirlər cədvəlinə uyğun olaraq referendumla bağlı avqustun 22-24-də 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kurslarda ümumxalq səsverməsi ilə əlaqədar görülən və görüləcək işlər barədə ətraflı məlumat verilib.
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na müvafiq olaraq keçirilən kurslarda dairə seçki komissiyalarının üzvləri, katibləri, məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər. Kurslarda MSK-nın və dairə seçki komissiyalarının üzvləri, rayon icra hakimiyyətinin, rayonun məhkəmə, polis və prokurorluq orqanlarının əməkdaşları referendumqabağı təşviqatın aparılmasına şərait yaradılmasına, referendum aktı layihəsinin və bildirişlərin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələrinə, onların fəaliyyətlərinin qarşılıqlı təşkilinə, referendum prosesində KİV-lərin roluna, müşahidəçilərin hüquq və vəzifələrinə, seçici siyahılarının təkmilləşdirilməsinə və Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlara verilən seçki hüquqlarına dair çıxışlar ediblər.
AZƏRTAC xəbər verir ki, kursların üçüncü günündə 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Qoşqar Məmmədov üç gün ərzində kurslarda faydalı izahat işlərinin aparıldığını vurğulayıb.
Bildirilib ki, 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 49 seçici vardır. Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Referenduma beş gün qalmış isə zərurət olarsa, 2 müvəqqəti seçki məntəqəsinin yaradılması nəzərdə tutulur.
Nərimanov rayon prokurorunun köməkçisi Niyazi Qəzənfərzadə referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri mövzusunda çıxış edib. Bildirib ki, referendumun keçirilməsi prosesində qanuniliyin və demokratikliyin təmin edilməsində prokurorluq orqanları üzərinə müəyyən vəzifə və funksiyalar düşür. Ölkədəki ictimai-siyasi sabitlik və demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyi tam əminliklə qeyd etməyə əsas verir ki, sentyabrın 26-da referendum şəffaf və demokratik şəkildə keçiriləcək.
Çıxış edənlər referendumla bağlı komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasından söz açıblar. Bildirilib ki, qanunvericiliyə əsasən səsvermə günü məntəqələrdə görülən işin, bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.