SİYASƏT
Referendumla əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində hazırlıq işləri başa çatıb
Daşkənd, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkəmizin Özbəkistandakı səfirliyində hazırlıq işləri tam başa çatdırılıb. Səfirlikdə məntəqə seçki komissiyası yaradılıb və səfirliyin birinci katibi Leyla Orucova komissiyanın sədri təsdiq edilib.
Leyla Orucova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 45 saylı referendum məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Daşkənddə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan 208 vətəndaşımızın sıyahıları tutulub. Referendum keçirilən gün Daşkənddə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd