ELM VƏ TƏHSİL


“Refleksiv müəllim” layihəsi çərçivəsində kimya fənnindən seminar keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Refleksiv müəllim” layihəsi çərçivəsində seminarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti seminar Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə kimya fənni üzrə keçirilib. Seminarda məktəbin kimya müəllimi Fərqanə Babayeva 9-cu sinif dərsliyində olan “Metalların icmalı, təbiətdə tapılması və alınması” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarda əvvəlcə “Refleksiv müəllim” layihəsinin əsas şüarlarından olan “Müzakirə mövzusu müəllim deyil, onun hazırladığı dərsdir” şüarı və qaydalar iştirakçıların diqqətinə çatdırılıb. Sonra isə seminarın formatına uyğun olaraq müəllim hazırladığı icmalın 15 dəqiqə ərzində təqdimatını edib. İcmal dinlənildikdən sonra əvvəlcə refleksiv suallar verilib, ardınca isə iştirakçılar dərs haqqında əsaslandırılmış şərh və təkliflərini bildiriblər.

Müzakirə əsasında məzmun standartı ilə məqsəd arasında əlaqə, refleksiyanın necə aparılması, fəaliyyət və resursların müvafiqliyi, dərsin planlaşdırılması, metodik vəsait və dərsliklə iş, qiymətləndirmə meyarları, formativ qiymətləndirmənin üsul və vasitələri, onun məqsəddən asılılığı və beyin həmləsinin mahiyyəti kimi məsələlərə diqqət yetirilib.

Seminarda 101 nömrəli tam orta məktəbin müəllimləri ilə yanaşı, ərazi baxımından həmin məktəbin yaxınlığında yerləşən 89, 136, 85 və 114 nömrəli məktəblərin kimya fənnini tədris edən müəllimləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.