CƏMİYYƏT
Region gənclərinin düzgün peşə və ixtisas seçiminə dəstək üçün layihə həyata keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək” adlı layihə həyata keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, “Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək" layihəsinin həyata keçirilməsində məqsəd Qaradağ və Hacıqabul rayonlarından olan məktəblilərin karyera planlaşdırılmasında dəstəyin göstərilməsini, bilik, bacarıq və maraq dairələrinə uyğun düzgün peşə və ixtisasa istiqamətləndirilmələrini təmin etməkdir.
Layihə müddətində Hacıqabul və Qaradağ rayonlarında yaşayan 100-ə yaxın gənc üçün keçirilən təlimlərdə düzgün ixtisas seçimi etməyin əhəmiyyəti, peşə və ixtisasların düzgün seçilməsinin gələcək karyerada önəmi, psixoloji söhbətlər və müxtəlif intellektual oyunlar təşkil olunub, sonda isə gənclər təlimlərdə uğurlu iştiraklarına görə sertifikatla təltif edilib.