CƏMİYYƏT
“Region gənclərinin sahibkarlıq fəaliyyətində ilk addıma dəstək” layihəsinin icrasına başlanılıb
Bakı, 8 dekabr, AZƏRTAC
“Çağdaş İntibah” Gənc Maarifçilər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin sahibkarlıq fəaliyyətində ilk addıma dəstək” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Astara rayonunda keçirilən ilk təlimdə gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün qanunvericilik bazası, biznesin maliyyələşmə mənbələri, biznes planların yazılması, biznes proseslərin idarə edilməsi qaydaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təlimin məqsədi region gənclərinin iqtisadi fəallığının, gənc sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici təlimlərin keçirilməsidir.
Layihə çərçivəsində daha iki regionda – Qubada və Zaqatalada tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yekunda layihənin icrasında fərqlənən gənclərin biznes fəaliyyətinə başlamaları üçün onlara dəstək göstəriləcək.