SİYASƏT


Regiona yeni müşahidəçi missiyasının cəlb edilməsi birtərəfli, yararsız təşəbbüsdür -  RƏY

Regiona yeni müşahidəçi missiyasının cəlb edilməsi birtərəfli, yararsız təşəbbüsdür -   RƏY

Bakı, 25 yanvar, AZƏRTAC

Avropa İttifaqının öz missiyasının müddətinin uzadılması və ya regiona daha geniş tərkibdə yeni missiyanın göndərilməsi barədə qərarı heç bir effekt verməyəcək tamamilə mənasız təşəbbüsdür.

Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov Avropa strukturlarının bu yaxınlardakı anti-Azərbaycan çıxışlarını, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması ətrafında yaranan vəziyyəti şərh edərkən bildirib.

Yanvarın 23-də Avropa İttifaqının XİN başçıları Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Avropa İttifaqı bununla bağlı bəyanatında missiyanın məqsədini “Qafqazda nizamlamaya kömək” kimi müəyyən edib. Missiyanın tərkibində 100-dək əməkdaş, o cümlədən Aİ-nin ekspert və müşahidəçiləri fəaliyyət göstərəcəklər.

Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqı Ermənistanın sülh sazişini pozmasını, Azərbaycan və digər qonşu ölkələr tərəfindən irəli sürülən bütün təşəbbüsləri rədd etməsi mövqeyi tutmasını sübut edən obyektiv məlumatlara açıq şəkildə etinasızlıq göstərir. Bu səbəbdən də Ermənistan ümumi fonda “konstruktivizm” anlamından açıq-aşkar ayrı düşən ölkə qismində ortaya çıxarılır.

“Yadımızdadır, ilk dəfə bu təşəbbüs (Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin mülki missiyasının göndərilməsi barədə - red.) Brüssel formatında Fransa Prezidenti Emmanuel Makronun iştirakı Azərbaycanın dövlət başçısı tərəfindən dəstəklənəndən sonra yaranmışdı. Lakin bir müddətdən sonra Emmanuel Makron Praqada özünü heç də yaxşı aparmadı, faktiki olaraq heç nə təklif etməyən, yalnız hər şeyi rədd edən Ermənistana siyasi baxımdan dəstək göstərilməsində reallıqdan uzaq və əvvəlcədən planlaşdırılmış mövqeyini bildirdi. Yəni, Fransa lideri bu qisimdə, sadəcə, hazırkı vəziyyəti mürəkkəbləşdirdi, xüsusilə də delimitasiya və demarkasiya məsələlərinin ortaya qoyulduğu bir vaxtda. Əgər İrəvan bu tədbirlərin həyata keçirilməsinə razılıq versəydi, o halda sülhə və sazişin bağlanmasına yol açıq olardı. Lakin Ermənistan başqa yolu seçir: o, Azərbaycandan xəlvəti destruktiv qüvvələrin dəstəyini əldə edir və bunu açıq deməsə də, ən başlıcası, revanş arzulayır”, - deyə T.Abbasov qeyd edib.

Ekspert vurğulayıb ki, Avropa İttifaqı hazırda hansısa əlavə şərait və ümidverici səbəb sayəsində hərəkət etmir, sağlam məntiqə rəğmən, hədəfə birbaşa yol olduğu halda, Brüssel çox uzun, heç yerə aparmayan əyri yolu seçir. Ekspertin fikrincə, buna görə də Aİ-də və Ermənistanda Bakının konstruktiv səylərini dəstəkləməyi açıq şəkildə arzulamayanlar, Bakının ziddinə özündə heç bir konstruktivlik olmayan çox tikanlı yol seçənlər özlərini günahkar saymalıdırlar. “Axı Ermənistan indi tələsməlidir ki, proqnozlaşdırılabilən düz səthə daha tez çıxmaq və öz anti-böhran proqramını mümkün qədər tez həyata keçirmək, güclü qüvvələr və ümidverici inteqrasiya prosesləri ilə məşğul olan və yeni kommunikasiyaların yaradılması, yeni dəhlizlərin açılması üzərində konkret işləyən dövlətlərlə bir sıraya düzülsün. Bəli, bu, ağlasığmaz olar bilər ki, Ermənistan özünü ən gözlənilməz şəkildə aparır. Lakin daha təəccüblü və hətta anlaşılmaz olan odur ki, niyə bu işdə ona Emmanuel Makron, Paris meri və digərləri başda olmaqla, Fransa hakim dairələri göz yumurlar. Buna görə də əgər Fransa lideri və ya Fransa siyasi dairələrinin hansısa təmsilçisi ucadan bəyan etsə ki, onlar Qafqaz regionuna sülh arzulayırlar, onları əks mənada başa düşmək lazımdır. Onlar nəinki sülhə gedən yolu uzadır, həm də onu “minalayırlar”, - deyə T.Abbasov bildirib.

Bununla yanaşı, o əlavə edib ki, Fransa, ona bənzər ölkələr və qüvvələr hazırkı vəziyyəti mürəkkəbləşdirdikcə Azərbaycanın da görüləsi işləri çoxalır. “Bizdə yeni inteqrasiya layihələri inkişaf etdirilir. Bilirik ki, ötən ilin sonunda - dekabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstan hökumət başçıları ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında dördtərəfli saziş imzalayıb. İmzalanma mərasimində Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayenin iştirakı Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini bir daha təsdiqlədi. Bu, Azərbaycan diplomatiyasının konkret uğurlarıdır. Bu vəziyyətdə Parisin tam aydın olmayan mövqe tutması faktı onun şəxsi problemidir. Bu gün Fransa həqiqətən ağır elektrik enerjisi problemi ilə üzləşib. O, həm İtaliyadan, həm Böyük Britaniyadan, həm də Almaniyadan və digər ölkələrdən acıqlıdır. Makron və Şolts öz problemlərini yoluna qoymaqdan ötrü səy göstərirlər. Onların buna hansı dərəcədə nail olacaqlarını hələlik heç kim deyə bilməz. Lakin bir şey aydındır: inteqrasiyada əhəmiyyətli uğurlara nail olmaqdan ötrü digərlərinin, sağlam əhval-ruhiyyəli qüvvələrin səylərini dəstələmək lazımdır, onların hərəkətlərini pozmaq və hazırkı vəziyyəti mürəkkəbləşdirmək lazım deyil. Üstəlik, ümumi inkişaf üçün paradiqmaları müəyyən edən hansısa magistral xətlər artıq mövcuddur. Azərbaycan məhz o istiqamətdə səylər göstərir ki, bunun da təkcə ölkəmizə deyil, həm də bütün tərəfdaş və dostlarımıza faydası var. Buna görə də yeni müşahidəçilər “partiyası”nın regiona cəlb edilməsi heç nə verməyəcək. Bu, birtərəfli, yararsız təşəbbüsdür ki, onun köməyi ilə, sadəcə, Ermənistanın, xüsusən də təkcə öz ölkəsində deyil, həm də regionda, həmçinin Avrasiya məkanında idarəetməni həqiqətən itirən Nikol Paşinyanın könlünü almaq istəyirlər”, - deyə ekspert sonda qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.