CƏMİYYƏT
Regional DOST mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
Bakı, 3 avqust, AZƏRTAC
Hazırda 5 DOST Mərkəzi vasitəsilə Bakı əhalisinin 80 faizi və Abşeron rayon əhalisi tam olaraq DOST konsepsiyası üzrə xidmətlərlə (11 istiqamət üzrə 152 xidmət) əhatə olunur. Növbəti mərhələdə geniş spektrdə DOST mərkəzləri şəbəkəsinin qurulması təmin olunacaq. 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, yəni DOST mərkəzlərinin sayının 13-ə çatdırılması nəzərdə tutulub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq DOST mərkəzlərinin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib.
AZƏRTAC xəbər verir ki, nazir ümumilikdə 2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işlərinin aparıldığını qeyd edərək deyib ki, regional DOST mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filialları, beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq.
S.Babayev, eyni zamanda, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərimizdə DOST mərkəzləri və filiallarının qurulacağını diqqətə çatdırıb. Onun dediyinə görə, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin artırılması və xidmətlərin dairəsinin genişləndirilməsidir. Bu sahədə aparılan işlərin nəticəsi kimi, son iki ildə DOST xidmətlərinin sayı 30 faizə yaxın artıb.
Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə DOST xidmətlərindən faydalanmaq imkanı yaradılacağını bildirib. Ümumilikdə, DOST mərkəzləri ilə əlaqədar planların geniş olduğunu qeyd edən nazir DOST mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya xidmətlərinin göstərilməsinin, sosial-psixoloji dəstək xidmətlərinin (həm Çağrı mərkəzi vasitəsilə, həm əyani şəkildə) dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında açılacaq DOST mərkəzlərinin və ətraf rayonlarda filiallarının yaradılması layihələrinə dair təqdimat olub, müzakirələr aparılıb.