ELM VƏ TƏHSİL
Regional innovasiya sahibkarlığı ilə məşğul olanlar üçün dəyərli töhfə
AMEA-nın İqtisadiyyat İnstitutunun elmi şurasının qərarı ilə “Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkili: reallıqlar və innovativ inkişaf” monoqrafiyası nəşr olunub
Bakı, 3 yanvar, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin və iqtisad üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar İsmayılovun həmmüəllifi olduqları “Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkili: reallıqlar və innovativ inkişaf” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev, rəyçiləri iqtisad elmləri doktorları, professorlar İsa Alıyev və Rəna Sultanovadır.
Monoqrafiyada sahibkarlıq fəaliyyətinin regional innovativ inkişafının nəzəri-təşkilati aspektlərinin qısa şərhi, Aran iqtisadi rayonunun coğrafi-iqtisadi xarakteristikası, sahibkarlıq subyektlərinin tərkibi və quruluşunda baş verən dəyişikliklər, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəldilən investisiyaların sosial-iqtisadi nəticələri, iqtisadi rayonda yaradılan yeni iş yerləri və onların işsizliyin səviyyəsinə təsiri və sinerji effekti verilib. Bundan başqa, innovasiya sahibkarlığının təşkilinin mövcud vəziyyəti iqtisadi fəaliyyət sahələri üzrə təhlil edilərək qiymətləndirilib, müvafiq ehtiyat imkanlarından səmərəli istifadə üzrə tövsiyələr göstərilib. Nəşrdə iqtisadi rayonda sahibkarlığın innovativ inkişafının başlıca istiqamətləri öz əksini tapıb.
Monoqrafiya regional innovasiya sahibkarlığı ilə məşğul olan rəhbər işçilər və mütəxəssislər, elmi tədqiqat institutlarının əməkdaşları, layihə menecerləri, doktorantlar üçün nəzərdə tutulur.