SİYASƏT


Regionda marağı olanlara xəbərdarlıq: Azərbaycan və Türkiyə bir orduya malikdir

Regionda marağı olanlara xəbərdarlıq: Azərbaycan və Türkiyə bir orduya malikdir

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycanın və qardaş Türkiyənin Silahlı qüvvələrinin ölkəmizdə birgə hərbi təlimləri davam edir. Plana uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər.

Ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr mövcuddur. Bu münasibətlər 2021-ci ildə tərəflər arasında bağlanmış Şuşa Bəyannaməsi ilə strateji səviyyəyə yüksəlib. Şuşa Bəyannaməsində iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkanlarının və potensiallarının birləşdirilməsi, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında birgə səylərin davam etdirilməsi razılaşdırılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, Şuşa Bəyannaməsinin ən vacib tərəfləri iki dövlətin hərbi əlaqələrinin daha da inkişaf etdirilməsi və ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşı yarana biləcək təhlükəyə birgə müdafiəni nəzərdə tutan şərtləridir.

Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edə bilməyən ölkələr Azərbaycana müxtəlif yollarla təzyiq göstərməyə çalışırlar. Təəssüf ki, bunu əsasən özünü bizə din qardaşı kimi göstərən İran edir. Rəsmi Tehran işğalçı Ermənistanı açıq şəkildə müdafiə edərək, regionda yaranmış yeni reallıqlarla barışmayacağını bildirir. Azərbaycanı təhdid etmək məqsədilə sərhəddə köhnə, sınıq-salxaq hərbi texnika ilə təlimlər keçirir. Bütün bunlar ölkəmizin təhlükəsizliyinə təhdid olduğu üçün Şuşa Bəyannaməsinin şərtlərinin tətbiqinə əsaslar yaradır.

“Bu gün keçirilən hərbi təlimlər də İrana reallıqları görməsi, qəbul etməsi, məkrli planlarından əl çəkməsi üçün mesajdır. Azərbaycan kifayət qədər güclü hərbi gücə sahibdir. Regionda marağı olan güclər görməli və bilməlidirlər ki, iki qardaş dövlət bir orduya malikdir. Onların hər hansı birinin təhlükəsizliyinə qarşı təhdid digərinə də qarşı hesab olunacaq”,-deyə Y.Hacızadə söyləyib.

Vurğulanıb ki, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı bununla bağlı bildirib: “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Politoloq vurğulayıb ki, bu birgə təlimlər dövlətimizin başçısının sözlərinin praktikada göstəricisidir və İrana açıq mesajdır. Uzun müddətdir daxili iğtişaşlar içərisində boğulan İran Azərbaycana qarşı təxribatlar törətdikdə hansı qüvvələri qarşısında görəcəyini bilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.