SİYASƏT


Regionda söz sahibi olan Azərbaycanla təzyiq dilində danışmaq olmaz

Regionda söz sahibi olan Azərbaycanla təzyiq dilində danışmaq olmaz

Bakı, 5 dekabr, AZƏRTAC

Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə ardıcıl qəbul etdiyi qətnamələr bu ölkənin erməni zehniyyətinin göstəricisidir. Fransa ölkəmizə qarşı ermənipərəst mövqeyini həmişə ortaya qoyub və buna təəccüblənmək lazım deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Keçmiş ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın münaqişə dövründə ikili standartlar yürütdüyünü xatırladan deputat bildirib ki, rəsmi Parisin ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyi Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad edəndən sonra daha da kəskinləşib. “Bu ölkə hansı ədalətsizlikdən danışır ki, 30 ilə yaxın müddətdə bölgədə baş verən hadisələrə obyektiv qiymət verə bilmədi və bir dəfə də olsun monitorinq keçirmədi. Ermənistanın işğal dövründə Azərbaycanın maddi, mədəni abidələrini yerlə-yeksan etməsi, var-dövlətini talayıb aparması heç kimin vecinə olmadı, o cümlədən Fransanın da. Əksinə, Azərbaycana qarşı təzyiqlər edildi və bu siyasət indi də davam etdirilir. Bu da ədalətsizliyin, ikili standartların təsdiqidir”, - deyə M.İbrahimqızı vurğulayıb.

Deputat qeyd edib ki, Fransa Azərbaycanın Zəfərini, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Bu da onu deməyə əsas verir ki, bu ölkə regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Əli Afrika xalqlarının qanına batmış Fransa hansı ədalətdən danışa bilər? Bu ölkə Sena qətliamını unutsa da, tarix unutmur. Bir sözlə, Fransanın bu cür qətnamə qəbul etməyə heç bir haqqı yoxdur. Ölkəsinin sadə vətəndaşları haqqında düşünməyən Makronun başqa ölkə haqqında qərar qəbul etməsi absurddur.

M.İbrahimqızı Fransa Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Fransa-Azərbaycan dostluq qrupunun heç bir işə yaramadığını və Azərbaycana qarşı qəbil edilən qətnamələrlə bağlı mövqe bildirmədiyini anlaşılan olmadığını qeyd edib.

“Fransa bu qərəzli qətnamələri ardıcıl şəkildə qəbul etməklə hansı məqsədi güdür? Regionda yeni reallıq yaradan və söz sahibi olan Azərbaycana təzyiq dili ilə danışmaq, onu hansısa ölkənin koloniyasına çevirmək mümkün deyil. Çünki Azərbaycanın Prezident İlham Əliyev kimi güclü Lideri, uzaqgörən və müdrik dövlət başçısı var. Azərbaycan xalqı qan tökərək, şəhid verərək öz torpaqlarını işğaldan azad edib. Xalqımız, Ordumuz dövlətimizin yanındadır və həmişə də yanında olacaq.

Çox təəssüf ki, regionda yeni münaqişənin alovlanmasında maraqlı olan Fransa Prezidenti Makron sülh sazişinin imzalanmasına maneə törədir. Fransa Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.