REGİONLAR
Regionlara səyahət məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır
Biləsuvar, 23 mart, Mahir Babayev, AZƏRTAC
Martın 23-də Cəbrayıl rayonundan olan məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar. Yolasalma mərasimi Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə, rayon icra hakimiyyətinin qarşısındakı meydanda keçirilib.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları və onları yola salanlar ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər “Şəhidlərə xatirə” abidə kompleksini ziyarət ediblər.
Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbayeva yolasalma mərasimində çıxış edərək deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Cəbrayılın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Quba, Qusar, Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət göstərdiyi kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin qayğısına da qalır. Şagirdlərimizə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq.
Tur-aksiyanın iştirakçıları Cəlal Tahirli və Səbinə İsmayılova ekskursiyadan zəngin təəssüratlarla qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Sonra şagirdlər xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşüblər.