İQTİSADİYYAT
Regionlarda IT təlimçilərin ilk təlimi başa çatıb





Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və UNESCO təşkilatının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (IT) sahəsində təlimçilərin hazırlanmasına yekun vurulub.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən bir qrup IT mütəxəssisinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar IT təlimçilərin sayını artırmaq olub.
Yekun olaraq müxtəlif regionlarda keçirilən təlimlərdə iştirak edib uğurla bitirən 20 nəfər təlimlərin Bakıda keçirilən son mərhələsində sertifikat əldə edib.
Təlimləri uğurla başa vuran mütəxəssislərin iştirakı ilə 2022-ci ildə müxtəlif regionlarda IT əsasları üzrə təlimlərə start verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu təlimlər RİNN-nin və UNESCO təşkilatının dəstəyi ilə “Gənc IT peşəkarlar” layihəsi çərçivəsində keçirilir.