MƏDƏNİYYƏT
Regionlarda aqroturizmin inkişafı ilə bağlı “dəyirmi masa” keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində “dəyirmi masa” keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə aqroturizmin inkişaf etdirilməsini nəzərdə tutan layihəni Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Yerli idarəetməyə yardım” İctimai Birliyi həyata keçirir.
Tədbirdə çıxış edən nazirliyin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, həyata keçirilən infrastruktur layihələri ölkəmizdə turizm sənayesinin inkişafını təmin edib. Hazırda ölkəmizdə müxtəlif turizm növləri üzrə yüksək səviyyədə fəaliyyət göstərən müəssisələr var. Bu da ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə artmasına müsbət təsir göstərir.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün qarşıya bir sıra məqsədlər qoyulub. Hazırda “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyi tərəfindən də bir sıra layihələr icra olunub və bu istiqamətdə işlər davam etdiriləcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeroen Villems bildirib ki, Aİ Azərbaycanda regionların inkişafı üçün bir sıra layihələrə maliyyə dəstəyi verib. Aqroturizmin inkişafının da dəstəklənməsi bu istiqamətdə həyata keçirilən layihələrin davamıdır. “Bu gün Azərbaycanda turizm sənayesi inkişaf etməkdədir. Turizm sənayesinin vacib qollarından biri də aqroturizmdir. Avropada geniş yayılan bu turizm növü, inanırıq ki, Azərbaycanda da geniş inkişaf edəcək. Çünki aqroturizm regionların, kənd yerlərinin inkişafına, bu sahə ilə məşğul olan insanların maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir”, - deyə Jeroen Villems bildirib.
Diqqətə çatdırıb ki, Aİ Azərbaycanın regionlarının inkişafı ilə bağlı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx işləyir. Həyata keçirilən proqramlar bundan sonra da davam etdiriləcək.
“Yerli idarəetməyə yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi Azərbaycanın 8 rayonunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) aqroturizmin inkişafını dəstəkləməklə kənd yerlərinin inkişafına nail olmaqdır: “Aqroturizm Azərbaycanda turizmin inkişafda olan yeni növüdür. Biz bu sahə üzrə həm turizmlə, həm də kənd təsərrüfatı ilə məşğul olan sahibkarların birgə fəaliyyətini təşkil edib, bu sahənin inkişafının təmin olunmasını düşünürük. “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi 32 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində hər rayonda fermer təsərrüfatı yaradılacaq. Həmin təsərrüfatlar üçün lazım olan bütün maddi-texniki imkanlar bu layihə tərəfindən təmin olunacaq”.
Qeyd olunub ki, turistləri arqoturizmə cəlb etmək üçün bu sahə üzrə ayrıca portalın yaradılması da nəzərdə tutulur.
Sonra layihə tədbir iştirakçılarına təqdim olunub.
Tədbir ölkəmizdə aqroturizmin inkişafı ilə bağlı müzakirələrlə davam edib.