CƏMİYYƏT
“Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsi başa çatıb
Bakı, 23 sentyabr, AZƏRTAC
“Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Moon Jong Hyun, təlimə qatılan şəxslər iştirak ediblər.
Tədbirdə layihə haqqında və əldə olunan nəticələr barədə təqdimat keçirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyinin (KOICA) dəstəyi ilə həyata keçirilib.
Layihənin əsas məqsədi pandemiya reallığını nəzərə alaraq ənənəvi xidmət müraciətlərinə alternativ olaraq elektron xidmətlərlə bağlı regionlarda yaşayan ölkə vətəndaşlarının məlumatlılığını və xidmətlərin əldə edilməsində savadlılığını artırmaq olub. Avqustun 4-də start verilmiş layihə çərçivəsində Bakıda 10, Gəncədə 301, Şamaxıda 490, Qubada 488, Balakəndə 441, Şəkidə 75, onlayn vebinarlarda keçirilən təlimlərdə isə 138 nəfər, ümumilikdə 1943 nəfərdən çox təlim iştirakçısı maariflənib. Layihənin icrası çərçivəsində təlimlər Dövlət Agentliyinin nümayəndələri tərəfindən aparılıb. İştirakçılara elektron və rəqəmsal hökumət, xidmətlər, Dövlət Agentliyi tərəfindən bu sahədə görülən işlər, “Elektron hökumət” (e-gov.az) və “myGov” portalları üzrə təlimlər keçirilib.
Təlim dövründə vətəndaşlardan anonim rəy sorğuları alınıb. Müvafiq sorğuların nəticələri Elektron Hökumətin İnkişafı Mərkəzinə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin artırılması və regionlarda elektron xidmətlərin əldə edilməsinin əsas problemlərinin həlli istiqamətində töhfə verilməsi üçün təqdim edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.