REGİONLAR


Regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları keyfiyyətli toxum əldə etmək baxımından böyük fürsətdir VİDEO

Quba, 24 avqust, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkasının növbəti ünvanı Quba rayonu olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, regionlarımızın hərtərəfli inkişafı sosial-iqtisadi siyasətin nəticəsidir. Onun sözlərinə görə, son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bildirilib ki, Quba rayonunda keçirilən toxum sərgi-satış yarmarkası rayon fermerləri, o cümlədən ətraf bölgədən olan fermerlər üçün keyfiyyətli toxum əldə etmək baxımından böyük fürsətdir. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qubada təşkil edilən sayca 3-cü yarmarkada 20-dən çox toxumçu fermer iştirak edib. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsədlərdən biri aqrar sahədə potensialı və imkanları öyrənmək, toxum bazarını o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarətdir.

M.Əliyev, həmçinin yüksək məhsul əldə etmək üçün, ilk növbədə, toxumun düzgün, yəni rayonlaşmış və torpaq-iqlim şəraitinə uyğun sortun seçilməsinin vacibliyini qeyd edib.

Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim olunub. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

Növbəti toxum sərgi-satış yarmarkası avqustun 29-da Ağcabədidə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.