ELM VƏ TƏHSİL
Regionlarda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Təhsil Nazirliyinin kütləvi informasiya vasitələri (KİV) ilə iş sektorunun müdiri Cəsarət Valehov, insan resursları şöbəsi müdirinin müavini Eşqi Bağırov diaqnostik qiymətləndirmənin keçirilməsi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, ilk diaqnostik qiymətləndirmə noyabrın 21-dən 23-dək Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq. Üç gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.
Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 27-dən 28-dək Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə dekabrın 2-dən 4-dək Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə dekabrın 8-dən 10-dək Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə dekabrın 14-dən 15-dək Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə dekabrın 19-dan 24-dək Lənkəranda keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabrın 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.
2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda, həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi üçün “Simulyativ test” bölməsi yaradılıb.
Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.