ELM VƏ TƏHSİL
Regionlarda peşəyönümlü fəaliyyətin təşkili ilə bağlı seminarlar keçirilir
Bakı, 17 oktyabr, AZƏRTAC
2016-2017-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) kollec və ali təhsil pilləsinin bakalavriatura və magistratura səviyyələrinə tələbə qəbulunun yüksək səviyyədə aparılması üçün respublikanın regionlarında “Peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminarlara başlanılıb.
BXA-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin müəllimi, Xalq Artisti Yusif Qasımov, milli rəqslər kafedrasının müdiri, Əməkdar Artist Sənan Hüseynli, akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə Xızı, Şabran, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında qeyd olunan mövzuda seminarlar keçiriblər.
Tədbirlərə multikultural dəyərlərin təbliği məqsədilə ayrı-ayrı rayonlarda yaşayan azsaylı xalqların istedadları və kollektiv rəhbərləri də cəlb olunublar.
Seminarlarda Bakı Xoreoqrafiya Akademiyası barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, BXA respublikada, regionda və ümumiyyətlə MDB məkanında özündə təhsilin bütün pillələrini ehtiva edən ən unikal təhsil müəssisəsidir. Cari tədris ilində akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs müəllimliyi, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır.
İnteraktiv tədbirlərdə iştirakçıların sualları cavablandırılıb.