REGİONLAR
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Bərdədə uğurla icra edilir
Bərdə, 9 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilib, ötən altı ayda görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.
Bildirilib ki, ilin birinci yarışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Əyricə kənd yolunda Tərtər çayı üzərindəki körpü və Qazaxlar kəndində süd emalı müəssisəsi istifadəyə verilib, Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb, 16 mindən çox ağac və 28 mindən çox gül kolu əkilib. On kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin, eləcə də Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub, 4 kənddə içməli su, 7 kənddə suvarma üçün subartezian quyuları vurulub, Tərtər çayının Zümürxan kəndi ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb.
Hazırda Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Eyni zamanda Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, 6 kənd qazlaşdırılır, 7 kəndin elektrik şəbəkəsi yenidən qurulur. Şəhər 2, 6 və 5 nömrəli, Xanqaraqoyunlu kənd tam orta məktəbləri, kommunal binalar və İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir. Bala Göyüşlü və Əmirli kəndlərində daxili yolların, Muğanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Mehdili kəndində açıq dren kanalın lildən təmizlənməsi işləri aparılır.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin birinci yarısında rayonda 172,9 milyon manatlıq ümumi məhsul, o cümlədən 6,2 milyon manatlıq sənaye, 82,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 19,8 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.
Yığıncaqda aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, 11 min 891 hektar sahədə yazlıq bitkilər əkilib. 13 min 676 hektar taxıl sahəsindən 51,4 min ton məhsul, o cümlədən 40,9 min ton buğda, 10,5 min ton arpa istehsal edilib. Bu il rayonda, həmçinin 4,465 ton barama tədarük olunub.
Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə 294 baş ətlik-südlük və 219 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib. 4134 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb, 1196 baş cins bala alınıb.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.