REGİONLAR
Regionun ən böyük hidrotexniki qurğusu olan Ağstafaçay Hidroqovşağında təmir işləri aparılır VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Ağstafaçay Hidroqovşağı regionun ən böyük hidrotexniki qurğusu sayılır. Su anbarı 1969-cu ildə tikilib. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin balansında olan anbarın açılışı 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə reallaşıb. Anbara su Ağstafa çayı vasitəsilə daxil olur. Anbarın həcmi 120 milyon kubmetrdir. 46 metr dərinliyi olan anbarın üzərində tikilən bəndin uzunluğu 1980 metr, hündürlüyü 50 metrdir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, hazırda anbarda cari təmir işlərinə start verilib. Bəndin uzun müddət istismar olunan beton üzlüyü təmir edilərək dayanıqlığı artırılır. Həmin ərazidə 200 kubmetr beton işinin görülməsi nəzərdə tutulub.
Anbardan su 2 ədəd Sağ və Sol magistral kanalları vasitəsi ilə verilir. Sol Sahil magistral kanalının uzunluğu 11 kilometr, su buraxma qabiliyyəti isə 13 kubmetr/saniyədir. Kanal 14 min hektar ərazini suvarır. Sağ Sahil magistral kanalının uzunluğu isə 58 kilometr, su buraxma qabiliyyəti 25 kubmetr/saniyədir. Kanal 43 min hektar ərazinin suvarılmasını təmin edir. Kanalların üzərində 124 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğular mövcuddur.
Hər il olduğu kimi, bu il də suvarma mövsümü başlamazdan öncə kanallar maşın və mexanizmlərin köməyi ilə lildən təmizlənib, hidrotexniki qurğulara baxış keçirilərək nasazlıqlar aradan qaldırılıb. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi texnikaları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi 170 min kubmetr lildən təmizləmə işləri həyata keçirilib.
Ağstafaçay Su Anbarı qərb bölgəsinin dörd rayonuna Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının əkinəyararlı 57 min hektar ərazisinin suvarılmasına xidmət edir.