CƏMİYYƏT
Regionun ən böyük media platformasına start verilib
Bakı, 6 iyul, AZƏRTAC
Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə Parlament Jurnalistlər Birliyinin (PJB) keçirdiyi silsilə tədbirlər çərçivəsində “Media könüllüləri -145” layihəsinin icrasına başlanılıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər İli” elan edilməsi çərçivəsində həyata keçirilir.
“Media könüllüləri -145”in iştirakçıları qismində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrindən ibarət 145 könüllü̈ qeydiyyata alınıb. Tələbələr əsasən fakültənin I, II və III kurs tələbələri arasından seçiliblər.
Media Könüllüləri Təşkilatının (MKT) ilk üzvlərini başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq 145 tələbə-könüllü təşkil edir. Layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur.
Bakı Dövlət Universiteti ilə birgə icra olunacaq bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir. Layihə iştirakçılarından xüsusi fəallığı ilə seçilənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin beynəlxalq təmsilçiliyi dövlətimizin başçısının ölkə mətbuatı qarşısında qoyduğu başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycanın maraq və mənafelərini müdafiə etmək, beynəlxalq mövqeyimizin güclənməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı haqq səsimizi dünyaya çatdırmaq üçün xaricdə fəaliyyət göstərəcək azərbaycanlı jurnalistlərə böyük ehtiyac var. Parlament Jurnalistlər Birliyi məhz bu kontekstdən çıxış edərək gələcək jurnalistlərin bu istiqamətdə formalaşması üçün belə bir layihəyə start verib.
Azərbaycanlı jurnalist, PJB-nin rəhbəri Elşad Eyvazlının sədr müavini olduğu Qlobal Jurnalistlər Şurasının imkanlarından istifadə edilərək media könüllülərinə xarici təcrübə qazanmaq imkanı yaradılacaq.
Bundan başqa, Media Könüllüləri Təşkilatının üzvləri Azərbaycanda fəaliyyət göstərən media qurumlarında təcrübə keçmək, işlə təmin olunmaq imkanı da əldə edəcəklər. Artıq bununla bağlı media rəhbərləri ilə görüşlərə start verilib. Gələcək jurnalistlərin həm ixtisaslaşma məsələləri ilə bağlı onlayn treninq təşkil olunacaq ki, dünyanın ən tanınmış̧ jurnalistləri həmin treninqlərdə iştirak edəcəklər.
Könüllülər həm PJB-nin, həm Bakı Dövlət Universitetinin, həm də Qlobal Jurnalistlər Şurasının sertifikatlarını alacaqlar. Xüsusi fərqlənənlərə daha geniş̧ imkanlar yaradılacaq. Məqsəd həm də Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda fəal xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.