CƏMİYYƏT
Rəhman Hacıyev: “Qarabağ gecəsi” xeyriyyə konsertindən əldə edilən vəsait işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə yönəldiləcək
Bakı, 26 iyun, AZƏRTAC
“Qarabağ gecəsi” adlı xeyriyyə konserti Qarabağ Dirçəliş Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib. Bu konsertin biletlərinin satışından əldə olunan vəsait Qarabağ Dirçəliş Fonduna köçürüləcək və işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa, yenidənqurma və quruculuq işlərinə sərf olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağ gecəsi” adlı xeyriyyə konsertində jurnalistlərə müsahibə verən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib.
Konsertə böyük maraq olduğunu qeyd edən Rəhman Hacıyev deyib: “Satışa çıxarılan bütün biletlər satılıb. Bu gün keçirilən “Qarabağ gecəsi” adlı xeyriyyə konserti vətəndaşlarımızın birliyinin təzahürüdür. Çünki hər kəs bu konsertin məqsədinin nə olduğunu bilir. Bu səbəbdəndir ki, insanlarımız bu konserti dəstəkləyir. Buna görə də fürsətdən istifadə edərək konsertimizi dəstəkləyən hər bir kəsə, həmçinin Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm”.
O əlavə edib ki, Qarabağ üçün əlavə ianələrin toplanması məqsədilə Qarabağ Dirçəliş Fondu tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər müxtəlif ictimaiyyət qruplarına yönəlib. Biz mütəmadi olaraq Azərbaycanın biznes dairələri ilə, o cümlədən geniş ictimaiyyətlə təmasdayıq. Məsələn, bizim dünən aparıcı şirkətlərimizin Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Mikayıl Cabbarovla işgüzar görüşü keçirilib. Görüşdə şirkətlərə Fondun fəaliyyəti, missiyası, məqsədləri, həmçinin Qarabağda həyata keçirilən layihələr haqqında da məlumatlar verilib.