CƏMİYYƏT
Rəhman Hacıyev: Şahbulaq qalası bərpa ediləcək

Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə Qarabağ Dirçəliş Fondu Şahbulaq qalasını bərpa edəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib.
Qarabağ Dirçəliş Fondunun gələcəkdə həyata keçirəcəyi layihələr barədə məlumat verən Rəhman Hacıyev deyib: “Dövlət Turizm Agentliyinin sifarişi və bizim maliyyə dəstəyimiz hesabına Şahbulaq qalası bərpa ediləcək. Qalanın normal görkəmi yenidən özünə qaytarılacaq, ətrafında müvafiq abadlıq işləri görüləcək və turistlər üçün infrastruktur yaradılacaq”.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri rəsmi olaraq 15 dövlət qurumundan maliyyə dəstəyi üçün müəyyən təkliflər aldıqlarını diqqətə çatdırıb: “Bu təkliflər təhlil edildikdən sonra müvafiq strukturlarla, rəhbərliklə razılaşdırılacaq. Yaxın gələcəkdə digər rayonlarda icra olunacaq layihələrlə bağlı məlumatlar açıqlanacaq. Bizə təqdim olunan təkliflər içərisində tarixi abidələrin bərpası məsələsi də yer alır. Biz bu istiqamətdə artıq Mədəniyyət Nazirliyi ilə danışığa başlamışıq”.
“Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşən Rəhman Hacıyev deyib: "Mənə elə gəlir ki, bizim ən gözəl layihələrimizdən biridir. İlk növbədə bu bizim mədəniyyətimizin təbliği deməkdir. İkincisi bu xeyriyyə konsertidir öz növbəsində ianəçiliyin, xeyriyyəçiliyin təşviqinə, inkişafına töhfədir. Digər tərəfdən isə oradan əlbəttə ki, toplanan vəsaitlər Qarabağ üçün icra olunan müxtəlif layihələrə sərf edilir. Biz bu tədbiri ildə iki dəfə müxtəlif şəhərlərdə keçirməyi planlaşdırırıq. Bu gözəl bir ənənədir".