MƏDƏNİYYƏT
Rejissor Ceyms Qann “Qalaktikanın keşikçiləri” filminin üçüncü hissəsinin çəkilişlərinə qayıdır
Bakı, 16 mart, AZƏRTAC
2018-ci ildə qalmaqalla “Disney” kinostudiyasından qovulmuş rejissor Ceyms Qann yenidən bu şirkətə işə götürülüb. O, “Qalaktikanın keşikçiləri” (Guardians of the Galaxy) adlı populyar kinosaqanın üçüncü hissəsinin çəkilişlərinə başlamalıdır. AZƏRTAC xəbər verir ki, bu barədə “The Hollywood Reporter” (THR) portalı yazıb.
Rejissorun işdən qovulmasına bir neçə il əvvəl “Twitter” səhifəsində ədəbsiz şərhləri səbəb olub. C.Qann üzrxahlıq edib və bir çox köhnə yazılarını səhifəsindən silib. Bir qrup tanınmış aktyorun, o cümlədən "Forsaj” filminin ulduzu Vin Dizelin açıq məktubla onu dəstəkləməsinə baxmayaraq, “Disney”in rəhbərliyi rejissorun işdən çıxarılması barədə qərar qəbul edib.
“Disney” kinostudiyası “Qalaktikanın keşikçiləri”nin üçüncü hissəsi üçün yeni rejissor tapa bilmədiyinə görə filmin çəkilişlərini qeyri-müəyyən müddətə dayandırıb.
Ceyms Qann “Warner Bros” kinoşirkətində işə qəbul edilib və “İntiharçılar dəstəsi” (Suicide Squad, 2016) filminin davamının ssenarisi və çəkilişləri üzərində çalışmağa başlayıb. THR-nin məlumatına görə, C.Qann əvvəlcə “İntiharçılar dəstəsi” filmi üzərində işi başa çatdırmalıdır. Yalnız bundan sonra “Qalaktikanın keşikçiləri” filminin davamının çəkilişlərinə qayıdacaq.
“İntiharçılar dəstəsi”nin davamı 2021-ci il avqustun 6-da ekranlara çıxacaq.