MƏDƏNİYYƏT
Rejissor Elçin Musaoğlu: Kino sənəti ölməyəcək,yeni formada dirçələcək

Bakı, 3 dekabr, Ayişə Axundova, AZƏRTAC
Xəbər verildiyi kimi, dekabrın 3-də Nizami Kino Mərkəzində kinorejissor Elçin Musaoğlunun Qarabağ müharibəsinə həsr olunmuş “Nabat” bədii filminin beynəlxalq kino aləmində uğur qazanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında yaradılmış “Nabat” bədii filmi bu il İtaliya, Yaponiya, Almaniya, Hindistan, Mərakeş, Braziliya, ABŞ və başqa ölkələrdə keçirilmiş kinofestivalların əsas proqramına daxil edilib. Rejissor Elçin Musaoğlu AZƏRTAC üçün verdiyi eksklüziv müsahibədə deyib: “Mən keyfiyyətli, yaxşı kinonun yeni formada dirçələcəyinə inanıram. Kino yüksək sənət dili ilə həyatımızın dramatik, bəzən faciəvi gerçəkliklərini əks etdirməlidir. O zaman ekran əsərlərində toxunulan mövzular təkcə onların yaradıldığı ölkələrdə deyil, həmçinin bütün dünyada aktual olacaq, ümumbəşəri əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, kino sənəti ədəbi yaradıcılıqla sıx bağlıdır, buna görə də hər gün həm klassiklərin, həm də müasir müəlliflərin əsərlərini oxumağa çalışıram. Kino sənəti sahəsində şedevrlər yaratmış sevimli rejissorlarım var. Rejissor və kinematoqrafçı kimi öz işimdə daim təkmilləşməyə çalışıram.
Azərbaycanın bir çox gənc kinematoqrafçıları dərin intellektə malikdirlər, parlaq sənət əsərləri yaratmağa qadirdirlər. Düşünürəm ki, Azərbaycan kinosunun gələcəyi var və bəlkə də vaxt gələcək, dünya kinematoqrafında o, öz layiqli yerini tutacaq”.