ELM VƏ TƏHSİL


Rektor: Bakı Slavyan Universitetində tələbələrin inkişafı, uğurlu gələcəyi üçün hər cür şərait yaradılıb

Bakı, 19 dekabr, AZƏRTAC

Bakı Slavyan Universitetində tələbələrin inkişafı, uğurlu gələcəyi üçün hər cür şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva dekabrın 19-da bu ali təhsil ocağının ikinci kurs tələbələri ilə görüşündə deyib.

Bu gün BSU-da istedadı və qabiliyyətləri ilə fərqlənən xeyli sayda tələbənin təhsil aldığını diqqətə çatdıran Nurlana Əliyeva bildirib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

BSU-nun dünyanın bir sıra aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq layihələr çərçivəsində tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini vurğulayan rektor deyib: “Təkcə Rusiyanın 27 universiteti ilə sıx əlaqələrimiz var. Bundan əlavə, Türkiyə, Bolqarıstan, Polşa, Çexiya, Ukrayna, Belarus və s. dövlətlərin ali təhsil müəssisələri ilə əməkdaşlıq edirik”.

Nurlana Əliyeva BSU-da keçirilən bütün tədbirlərin başlıca məqsədinin tələbələrin intellektual və mənəvi baxımdan inkişafını hədəflədiyini diqqətə çatdırıb. O deyib: “Biz tələbələrin asudə vaxtlarının səmərəli təşkili, təhsil şəraitinizin yaxşılaşdırılması, sosial problemlərinizin imkan daxilində həlli üçün əlimizdən gələni edirik. Belə ki, 70-dən artıq tələbənin yeməkxanadan pulsuz istifadəsinə şərait yaradılıb, universitetin yataqxanasının bərbad vəziyyətdə olan otaqları təmir edilib. Məqsədimiz ölkəmizə və millətimizə xidmət edə biləcək vətənpərvər, hazırlıqlı gənclər yetişdirməkdir”.

Rektor vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti tələbələrin hərtərəfli şəxsiyyət kimi formalaşması üçün işıqlı yollar açır. Ulu öndər Heydər Əliyev kursunu layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycanı bütün parametrlər üzrə regionun lider ölkəsinə çevrilib.

Gəncləri yad təsirlərdən, əks təbliğatlardan uzaq durmağa çağıran Nurlana Əliyeva ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının güclü ordumuzun sayəsində qısa müddətdə azad ediləcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.