ELM VƏ TƏHSİL
Rektor: Bu il Pedaqoji Universitetinin məzunlarının MİQ imtahanlarındakı nəticələri uğurlu olub
Bakı, 17 dekabr, AZƏRTAC
Ali məktəbin əsas reytinq göstəricilərindən birincisi yetirmələrinin əmək bazarında yer tapmasıdır. Bu baxımdan, son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunlarının müəllimlərin işə qəbulu (MİQ) və magistraturaya qəbul imtahanlarında göstərdikləri nəticələri qənaətbəxş saymaq olar.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 17-də Heydər Əliyev Mərkəzində keçirilən ADPU-nun 100 illik yubiley tədbirində rektor Cəfər Cəfərov bildirib.
Rektor deyib ki, ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olub. Məzunlarımızın 873-ü magistraturaya imtahan verib, onlardan 353-ü yetərincə bal toplayaraq qəbul olunub.
“Bu il ADPU məzunlarının MİQ imtahanlarındakı nəticələri də uğurlu olub. Belə ki, magistraturaya qəbul olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2119 bakalavrdan 1306-sı həmin imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri 30-dan yuxarı bal toplayıb. Qəbul olanlardan 530 nəfər 40-60, 184 nəfər isə 50-60 bal yığaraq yüksək nəticə göstərib. Cəmi bir neçə il əvvəllə müqayisədə bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir”.