ELM VƏ TƏHSİL
Rektor Elçin Babayev: “Yüksəliş” müsabiqəsi istedadlı gənclərimiz üçün misilsiz imkanlar yaradıb VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev gəncləri “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib.
AZƏRTAC xəbər verir ki, rektor gənclərimizin innovativ, müasir tarixin düzəninə, inkişaf tendensiyaları və reallıqlarına uyğun şəkildə idarəetmə bacarıqlarının üzə çıxarılması və eyni zamanda həyata keçirilməsi məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərimiz üçün misilsiz imkanlar yaratdığını vurğulayıb. “Heç bir mübaliğəsiz bu müsabiqəni gələcəyimizin qurucuları olan gənclərimiz üçün yol xəritəsi adlandıra bilərik. Mən bir daha birinci müsabiqənin qaliblərinə və ikinci müsabiqəyə qatılanlara uğurlar arzulayıram və hər bir istedadlı Azərbaycan gəncini, eləcə də ölkə gənclərinin aparıcı qüvvəsi olan Bakı Dövlət Universitetinin gənclərini, pedaqoji heyətimizi, həmçinin məzunlarımızı bu müsabiqədə aktiv iştirak etməyə səsləyirəm”, - deyə Elçin Babayev qeyd edib. O, artıq ikinci dəfə elan edilən və gənclərimizin ilk müsabiqədən həvəslənərək daha böyük maraqla və inamla qatıldıqları növbəti müsabiqənin də uğurla başa çatacağına əminliyini bildirib.
Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilərlər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.