CƏMİYYƏT
Rektor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin klinikasında müalicə alan qazini ziyarət edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilərimizin müalicəsi aparılır. Bu gün universitetin rektoru professor Gəray Gəraybəyli hazırda klinikada müalicə alan qazi Natiq Salahovu ziyarət edərək onun səhhəti, müalicəsinin gedişatı ilə maraqlanıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rektor Gəray Gəraybəyli bildirib ki, Şanlı Zəfəri xalqımıza bəxş edən müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Klinikanın əməkdaşları həmin gənclərin sağlamlıqlarına qovuşması üçün əlindən gələni əsirgəmirlər. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən rektor qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb.
Universitetin travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli rektora müalicənin gedişi ilə bağlı ətraflı məlumat verib. Xatırladıb ki, Natiq Salahov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdən birində ağır yaralanıb və hər iki ayağını itirib. Qazilərimizlə əlaqədar həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin çərçivəsində Natiq üçün xüsusi protez sifariş verilib. Hazırda xəstə həmin protezlə bütün hərəkətləri icra edə bilir. Həkim əməliyyatın uğurla keçdiyini, qazimizin hərəkətlərində heç bir problem yaşamaması üçün ona hər cür yardım göstərildiyini bildirib.