ELM VƏ TƏHSİL


Rektor: Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları universitetin Memorial-Xatirə Kompleksini ziyarət ediblər. Tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Səs” Media Qrupu tərəfindən hazırlanmış “20 Yanvar: azadlıq dastanı” filminin nümayişi tədbir iştirakçılarını faciənin baş verdiyi illərə qaytarıb.

Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov şəhidlərin xatirəsinin universitetdə daim ehtiramla anıldığını bildirib. Vurğulayıb ki, şəhidlərin arasında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin olması bu ali məktəbin qürur mənbəyidir. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazılıb. Şəhidlərin xatirəsi əbədidir. Rektor, Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov şəhidliyin ən uca zirvə olduğunu vurğulayıb. “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev 20 Yanvar hadisələrindən danışıb. Qeyd edib ki, 80-ci illərdə sovet rejiminin dağılması və Dağlıq Qarabağın Ermənistana verilməsi prosesi Azərbaycanda xalq etirazlarının hərəkata çevrilməsinə səbəb olub. Bu yol bizi müstəqilliyə gətirsə də, xalqın qanı bahasına başa gəlib. Ümummilli Liderə təzyiqlərin olmasına baxmayaraq o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz etirazını bildirib.

Tədbirdə 20 Yanvar şəhidi İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov çıxış edərək Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.