ELM VƏ TƏHSİL


Rektor: Texniki və humanitar universitet arasında sazişin imzalanması faydalı bir aksiyadır

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair çərçivə sazişi və elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor Kamal Abdulla Azərbaycan universitetlərinin bir-biri ilə əlaqəsinin son dərəcə vacib məsələ olduğunu vurğulayıb. Akademik K.Abdulla qeyd edib ki, texniki universitetlə humanitar universitet arasında belə bir sazişin imzalanması faydalı bir aksiya kimi qiymətləndirilə bilər. Universitetlərin əməkdaşları, tələbələri və digər qurumlarda çalışanlar üçün bu cür əlaqələrin çox böyük əhəmiyyəti olacaq.

BMU-nun rektoru, professor Havar Məmmədov iki universitet arasında əməkdaşlığa dair protokolun imzalanmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, savadlı kadrlara ehtiyac var. Bu mənada ADU dil mütəxəssislərinin, BMU isə mühəndis kadrlarının hazırlanmasında mühüm rol oynayır. Bu iki universitetin işbirliyi peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcək.

Digər çıxış edənlər də müqavilənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, ADU-da xüsusi inkişaf tempi var, BMU-nun profili texniki sahəyə istiqamətlənib. Bu mənada müqavilənin imzalanması ilə hər iki universitet bir-birinin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək.

Daha sonra tərəflər arasında elm və təhsil sahələrində əməkdaşlığa dair çərçivə sazişi və elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

Qeyd edək ki, əməkdaşlığa dair sənəddə elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət göstərmək, universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, elmi nəşrlərin təsis edilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mütəxəssis hazırlığı səviyyəsinin tələblərə uyğunlaşdırılması, müxtəlif layihələrin hazırlanması və bir sıra vacib məsələlər nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.