ELM VƏ TƏHSİL
Rektor: “Twinning” layihəsi ADPU-nun ümumi inkişaf prosesinə böyük təkan verəcək
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Twinning” layihəsi çərçivəsində nəticələrin təhlili üzrə seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Finlandiyadan və Estoniyadan olan ali təhsil ekspertləri iştirak ediblər.
Rektor Cəfər Cəfərov bildirib ki, “Twinning” layihəsi ADPU-nun ümumi inkişaf prosesinə böyük təkan verəcək. Rektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin iştirakçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.
Bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Twinning” layihəsi Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının (AATM) tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Təhsil Nazirliyinə dəstək verən bir layihədir. Layihənin hədəfi AATM-ə inteqrasiyanı gücləndirməklə Azərbaycanın ali təhsil sisteminin inkişafına nail olmaq, məqsədi isə Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin institusional potensialını artırmaqdır. Layihə çərçivəsində ali təhsil sahəsində cari vəziyyət araşdırılıb, 550 nəfər müəllim, rəhbər şəxs və eləcə də təhsil mütəxəssisləri seminar və təlimlərə cəlb olunublar.
Layihə çərçivəsində ali təhsilin keyfiyyət təminatı üzrə Avropa Standartları və Təlimatlarına uyğun 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) pilot qiymətləndirmənin keçirilməsi üçün seçilib. Layihə çərçivəsində uğurlu nəticələr əldə edilib.
Ötən ilin payızında özünüqiymətləndirmənin həyata keçirilməsi məqsədilə layihə tərəfindən pilot universitetlər üçün təlimlər təşkil olunub. Bu ilin payızında azərbaycanlı və avropalı mütəxəssislərdən təşkil olunmuş qiymətləndirmə qrupları AzST adlı sənəd layihəsinə əsaslanaraq sınaq qiymətləndirmələr həyata keçirəcəklər. Pilot universitetlərdə aparılan qiymətləndirmə təcrübəsinə əsaslanaraq fin, eston və azərbaycanlı mütəxəssislər tərəfindən Azərbaycanın Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təlimatlarla bağlı yekun tövsiyələr işlənib hazırlanacaq.
Seminarda beynəlxalq qiymətləndirmə qrupunun üzvü Hannu Apajalahti slaydlar vasitəsilə ADPU üzrə qiymətləndirmənin əsas nəticələrinin təqdimatı ilə çıxış edib.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb.