İDMAN
“Renault” FIA-dan Fernando Alonsonun test yürüşlərində iştirak etməsi üçün icazə istəyib
Bakı, 16 sentyabr, AZƏRTAC
Fernando Alonso gələn il “Alpena” adını alacaq “Renault”un heyətində Formula 1-ə qayıdacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa komandası sürücüsünə bu il mövsümün bitməsindən sonra Əbu-Dabidəki sınaq yürüşlərində sükan arxasına keçmək imkanı vermək istəyir.
Əbu-Dabidəki testlər iki dəfədən çox Qran-Pridə iştirak etməyən sürücülər üçün elan edildiyindən Formula 1-də 312 startı olan Fernando Alonso bu şərtlərə heç bir şəkildə uyğun gəlmir. Lakin qaydalarda pilotun testlərdə iştirak etməsi üçün Beynəlxalq Avtomobil Federasiyasından (FIA) xüsusi icazə alması barədə şərt var.
“Renault” artıq FIA-dan ispan sürücünün “Yas-Marina” trasında test yürüşlərində iştirak etməsi barədə icazə istəyib. Ümumiyyətlə, “Renault” bu il testlərdə yeni sürücülərlə işləmək istəyən tək komanda deyil. Onların arasında Karlos Sainz, Daniel Rikkardo və Sebastian Fettel ilə əməkdaşlığa başlamaq istəyən “Ferrari”, “McLaren” və “Racing Point” kimi komandaları misal çəkmək olar.