İDMAN
“Renault” komandasının Bakıda ehtiyat şassisi yoxdur
Bakı, 17 iyun, AZƏRTAC
Hər bir şəhər halqasında olduğu kimi, Avropa Qran-prisinin trasında da qəza riski çox böyükdür. Bu, komandalar üçün ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə ki, döngələrin heç də hamısında təhlükəsizlik zonaları yoxdur, bəzi sahələr isə çox dardır.
Əgər yürüşçülər tras boyunca hasarlarla toqquşmaqdan yaxa qurtara bilməsələr, ehtiyat hissələr sarıdan qıtlıq belə yürüşçülər üçün hökmən problemlər doğuracaq. “Renault” komandasının vəziyyəti qəlizdir, çünki Monakoda və Monrealda qəzalardan sonra bu komandanın işlək vəziyyətdə olan cəmi iki şassisi qalıb. Əgər Colion Palmer və ya Kevin Maqnussen məşqlər zamanı və ya seçmə yürüşlərdə çox canfəşanlıq etsələr, onlar bazar günü yürüşlərə ya pit-uolldan baxmalı, ya da televizorla tamaşa etməli olacaqlar.
Əvvəlcə komandanın dörd şassisi vardı. Lakin Monakoda Palmerin maşını o qədər ciddi zədələndi ki, monokok bərpa ediləsi halda deyil. Maqnussenin Kanadada zədələdiyi şassi isə komandanın bazasındadır və yalnız Avstriya Qran-prisi ərəfəsində təmin edilməlidir.
Beşinci şassi hələlik düzəldilmə mərhələsindədir. Gözlənildiyinə görə, bu şassi yalnız çempionatın Almaniya mərhələsi ərəfəsində hazır olacaq.
“Renault” yürüşçülərinin düşdüyü çoxsaylı qəzalar belə düşünməyə əsas verir ki, R.S.16 maşınını idarə etmək çətindir, lakin komandanın yürüş üzrə direktoru Alan Termeyn bu fikri inkar edir: “Monakoda qəzaya səbəb Colionun təcrübəsizliyi oldu. Aparıcı təkərlər yolun piyadalar üçün keçid hissəsində olarkən Colion qazı çox bərk basdı. Kevin isə bokslardan çıxandan sonra elə ilk dövrədə maşını əzdi. Bu, yolverilməzdir”.