İDMAN
“Renault”da Esteban Okonla müqaviləni təsdiqləyiblər
Bakı, 30 avqust, AZƏRTAC
“Renault” komandası 2020-ci ildə Daniel Rikkardonun ortağının Esteban Okon olacağını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, fransalı yürüşçü ilə çoxillik müqavilə imzalanıb. E.Okonu Enstounda yaxşı tanıyırlar. Axı 2016-cı ildə o, “Renault”un ehtiyat yürüşçüsü idi. O vaxtadək isə “Lotus” gənclər proqramına daxil idi.
Esteban Formula 1-də 2016-cı ilin ortalarında, “Manor Racing”in heyətində debüt edib, 2017-ci ildə isə “Force India” komandasına keçib. Özünün birinci tam mövsümündə o, 87 xal qazanmaqla, şəxsi hesabda 8-ci yeri tutub. Ötən mövsüm Okon hesabına daha 49 bal əlavə edib, bu il isə “Mercedes”in ehtiyat yürüşçüsü rolunu yerinə yetirib.
Komandanın rəhbəri Siril Abitebul deyib: “Biz şadıq ki, növbəti iki ildə Estebanla işləyəcəyik. O, özünün Formula 1 karyerasında bu idman növünün müxtəlif tərəfləri ilə tanış olub və yaxşı başa düşür ki, burada hər cür imkandan istifadə olunmalıdır.
Estebanın vəzifəsi təkcə özünün fitri istedadını tətbiq etməsindən ibarət olmayacaq: “O, yürüşlərdə çıxış etmədiyi dövrdə, bir il ərzində topladığı enerjini tamamilə sərf etməlidir. Bizdən də asılı olan yalnız odur ki, bütün bu nailiyyəti komandanın bundan sonrakı inkişafına necə yönəldək.
Okon həm trasda, həm də trass hüdudlarından kənarda xal qazanmaq bacarığını, peşəkarlığını nümayiş etdirib. Bundan başqa, onun hazırkı dünya çempionu “Mercedes”in ehtiyat pilotu kimi təcrübəsi bütün komandamız üçün faydalı olacaq.
Mən Niko Hülkenberqə komandanın inkişafında inanılmaz dərəcədə fəal iştirakına və son üç mövsüm ərzində onun tərəqqisinə verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istərdim. O, bizə qoşulmaq qərarı verəndə komanda Konstruktorlar Kubokunda 9-cu yeri tuturdu. Ötən il Niko bizi 4-cü yerə çıxardı və şəxsi hesabda 7-ci oldu.
Onun müqaviləsinin müddəti sona yetir və bizim üçün bu qərarı qəbul etmək çox çətin idi. Çünki Niko bu inkişafın hərəkətverici qüvvələrindən biri idi. Cari mövsümün birinci hissəsində çətinliklər çox idi. Lakin mən bilirəm ki, biz çempionatın ikinci hissəsində də birgə yaxşı nəticələr əldə edilməsində ona arxayın ola bilərik”.
Esteban Okon deyib: “Mən “Renault”un yürüşçüsü olmağımla fəxr edirəm. Mən Enstounda böyümüşəm. Burada 2010-cu ildə “Lotus”la, daha sonra “Renault”la işləməyə başlamışam. Mən bu komandaya və bu insanlara çox bağlıyam. Onlar mənə böyük idmana gedən qapıları açıblar.
Şadam ki, komanda böyük ambisiya ilə mənə öz ustalığımı ən yüksək səviyyədə Formula 1-də nümayiş etdirmək imkanı yaradır. Bu, mənim anladığım böyük məsuliyyətdir. Komandanın bizim birgə irəliləyiş əldə edəcəyimiz barədə əminliyi olduqca pozitiv güc verir. Mən əlimdən gələni edəcəyəm”.