MƏDƏNİYYƏT
“Rəngkarlıq və heykəltəraşlıq” sərgisi
Noyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Əmrulla İsrafilovun və heykəltəraş Sahib Quliyevin əsərlərindən ibarət “Rəngkarlıq və heykəltəraşlıq” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.
Nazirliyin sektor müdiri Qalib Qasımov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və başqaları müəlliflərin yaradıcılığından söz açıblar.
Bildirilib ki, sənətkarların müxtəlif illərdə yaratdıqları bu əsərlər onlarla tanış olmaq imkanı verir. Əmrulla İsrafilovun rəsmləri yerli və xarici sənət xiridarlarının şəxsi kolleksiyalarında və rəsm qalereyalarında, Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır. Onun əsərlərinin üslubu təkcə Azərbaycanın deyil, həm də xarici sənətşünasların diqqətini cəlb edir. Heykəltəraş Sahib Quliyevin əsərləri isə milli və tarixi xüsusiyyətlərlə bərabər, incəsənətə müasir yanaşmanı əks etdirir. Onun işləri Azərbaycan Milli İncəsənət Muzeyində və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Əsərləri barədə AZƏRTAC-la fikirlərini bölüşən rəssam Əmrulla İsrafilov qeyd edib ki, onun məqsədi fikrin kətanda boyalarla inikasıdır. Əsərlərində məzmun şərtidir. O, hər hansı olayı göstərmir, nəql etmir. Sadəcə olaraq onu kodlaşdırır, rəmzə çevirir və tamaşaçının öhdəsinə buraxır.
Heykəltəraş Sahib Quliyev isə bildirib ki, daş hər şeydən öncə təbiətin qüsursuz yaratdığı ecazkar formadır. “Sən yaratdığın hər hansı bir əsərin taleyinə biganə qala bilməzsən. Yaradılan hər bir əsər onu yaradanın ayrılmaz hissəsidir”, - deyən heykəltəraş fikirlərini ümumiləşdirib.
Noyabrın 21-dək davam edəcək sərgidə Əmrulla İsrafilovun 40-dək rəngkarlıq və Sahib Quliyevin 35-dək heykəltəraşlıq əsəri nümayiş etdirilir.