DÜNYA
Reper Kanye Uest ABŞ Prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək
Vaşinqton, 6 iyul, AZƏRTAC
Amerikalı reper, məşhur Kim Kardaşyan Uestin əri Kanye Uest öz “Twitter” səhifəsində ABŞ Prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, musiqiçi bu bəyanatdan əvvəl Federal Seçki Komissiyasına hər hansı sənədlər təqdim etməyib və seçkiqabağı kampaniyaya başlamayıb.
43 yaşlı reper ABŞ-ın Müstəqilliyi Günündə “2020-ci ildən baxanda” həştəqindən istifadə edərək yazıb: “İndi biz Tanrıya inamla, təsəvvürlərimizi birləşdirərək gələcəyimizi qurmaq üçün Amerikanın potensialını həyata keçirməliyik. Mən Birləşmiş Ştatların Prezidenti vəzifəsinə öz namizədliyimi irəli sürürəm!”
Kim Kardaşyan Uest öz ərinin Amerika bayrağının fonunda yazdığı məlumatları paylaşıb. Amerikalıların əksəriyyəti, xüsusən sosial şəbəkələrin istifadəçiləri Uestin bu bəyanatını ciddi qəbul etmir və onu məsxərəyə qoyurlar.
ABŞ-da Prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb. Prezidentliyə namizəd kimi Respublikaçılar Partiyasından hazırkı Prezident Donald Tramp, Demokratlar Partiyasından keçmiş vitse-prezident Co Bayden çıxış edir.
AZƏRTAC-ın Vaşinqton bürosu