İQTİSADİYYAT


Rəqəmli bacarıqlar üzrə tədris portalı istifadəyə verilib

Rəqəmli bacarıqlar üzrə tədris portalı istifadəyə verilib

Bakı, 5 yanvar, AZƏRTAC

Ölkəmizdə əhalinin, o cümlədən xanımların rəqəmli bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafı məqsədilə onlayn tədris portalı yaradılıb. “iktlab.edu.az” onlayn tədris portalı İKT və rəqəmli bacarıqlar üzrə videodərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, portala ana dilimizdə hazırlanmış İKT və rəqəmli texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hazırda portalda rəqəmli bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar üçün videoməlumatlar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kursları ilə bağlı materiallar da portala yerləşdiriləcək.

Tədris portalının yaradılmasının məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Təlimləri uğurla başa vuran şəxslər dərhal portal üzərindən sertifikatlarını əldə edə bilərlər.

Onlayn layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, eləcə də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Portal “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı” adlı layihə çərçivəsində hazırlanıb.

Bu layihə Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının Regional Təşəbbüslər Çərçivəsi üzrə regional layihələrin reallaşdırılması qərarına əsasən icra olunur.

https://iktlab.edu.az/” portalında yerləşdirilən təlimlərə qatılmaq üçün qeydiyyatdan keçmək yetərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.