CƏMİYYƏT
Rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakıda və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 2016-cı il noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 2016-cı il dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.