İQTİSADİYYAT


Rəqəmsal İdentifikasiya Sistemi istifadəyə verilib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Dövlətimizin başçısının ölkədə maliyyə inklüzivliyinin artırılması, o cümlədən ən qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəyə gətirilməsi, rəqəmsal transformasiya tədbirlərinin sürətləndirilməsi, elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi və bu xidmətlərin əhali üçün daha əlçatan edilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunanları, habelə ölkə başçısının 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritet hədəfləri nəzərə alaraq, Mərkəzi Bank tərəfindən “IBM” şirkəti ilə birgə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılıb. Layihə çərçivəsində ölkədə ilk dəfə “Hyperledger Fabric” blokçeyn platforması tətbiq edilib və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin olunub. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, müştəri-bank münasibətlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olub.

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman Öz Müştərini Tanı siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılıb. Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə etməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib.

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri (https://bankid.az, https://bankmartket.az) və mobil tətbiqi (Android və iOS platformalı) vasitəsilə daha əlçatan olub. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Accessbank” QSC, “AzərTürkBank” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Muğanbank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Bank VTB (Azərbaycan)” ASC RİS-ə inteqrasiya olunub. Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.