İQTİSADİYYAT
Rəqəmsal Texnologiyalar Sahəsində Beynəlxalq Əməkdaşlıq üzrə Ekspert Qrupu yaradılıb
Bakı, 13 iyul, AZƏRTAC
BMT-nin Baş katibi Rəqəmsal Texnologiyalar Sahəsində Beynəlxalq Əməkdaşlıq üzrə Ekspert Qrupunun yaradıldığını elan edib. Yüksəkixtisaslı mütəxəssislərdən ibarət beynəlxalq qrup rəqəmsal texnologiyalardan səmərəli istifadə və texniki tərəqqinin arzuolunmaz nəticələrinə qarşı mübarizə tədbirləri üzərində işləyəcək. BMT-nin Baş katibi Antoniu Quterreş tərəfindən yaradılan qrupa amerikalı filantrop Melinda Qeyts və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma başçılıq ediblər.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu, ilk belə komissiyadır. Qrupa 20 nəfər, o cümlədən vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələri daxildir. BMT-nin Baş katibi Antoniu Quterreş bu barədə məlumatı Nyu-Yorkda mətbuat konfransında elan edərək deyib: “Qrupun yaradılması məqsədi tamamilə aydındır. Rəqəmsal texnologiyaların təsiri altında iqtisadiyyat da, cəmiyyət də sürətlə dəyişir. Həmin dəyişikliklərin miqyası və sürəti ölçüyə gəlmir. Bu sahədə beynəlxalq əməkdaşlığın indiki səviyyəsi isə onların mürəkkəblik dərəcəsinə uyğun deyildir”.
Baş katibin sözlərinə görə, beynəlxalq birlik rəqəmsal texnologiyalar dövründə təhlükəsizlik, hüquq bərabərliyi, etika və insan haqları ilə bağlı məsələləri təzəlikcə qaldırmağa başlayıb. Çünki onlar insanın gündəlik həyatına getdikcə daha əhəmiyyətli təsir göstərir. Amma bu təsir heç də həmişə müsbət olmur. Şəxsi məlumatların oğurlanması, kiberhücumlar və hətta seçki prosesinə müdaxilə təhlükəsizliyə təhdidlərin artdığını göstərir. A. Quterreş deyib: “Birləşmiş Millətlər Təşkilatını rəqəmsal dövrdə dialoq üçün unikal platforma sayıram”.
BMT-nin Baş katibi daha sonra vurğulayıb: “Biz istəyirik ki, alimlər, siyasətçilər, texniki mütəxəssislər, vətəndaş cəmiyyətinin nümayəndələri və sosioloqlar bir masa arxasında oturub yaranan problemlərin həlli yollarını tapsınlar. Ekspert Qrupunun üzləri meyilləri müşahidə edəcək, problem və imkanları üzə çıxaracaq və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə dair tövsiyələr verəcəklər. Onlar cəmiyyətdə daha geniş müzakirələrin təşviq olunmasına kömək edəcəklər”.
Komissiyanın yaradılması Baş katibin dəftərxanasının və BMT-nin üzvü olan 120 dövlətin nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin nəticəsidir. İdeya bundan ibarətdir ki, rəqəmsal texnologiyaların inkişafı barəsində diskussiya ümumi məqsədlər, o cümlədən Davamlı İnkişaf Məqsədləri və İqlim üzrə Paris Sazişi naminə bazar iştirakçıları arasında rəqabət sahəsindən beynəlxalq əməkdaşlıq məcrasına keçirilsin.