İQTİSADİYYAT


Rəqəmsal Ticarət Qovşağı yerli sahibkarlar üçün böyük imkanlar yaradır

Bakı, 13 oktyabr, AZƏRTAC

Dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq Azərbaycan Böyük Britaniyadan sonra ikinci Rəqəmsal Ticarət Qovşağı (RTQ) yaradan ölkədir. Prezident İlham Əliyev 2017-ci il fevralın 22-də “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. AZƏRTAC Rəqəmsal Ticarət Qovşağının üstünlükləri ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) media mütəxəssisi Nərmin Rəhimlinin şərhini təqdim edir.

Elektron və Mobil Rezidentlik

Rəqəmsal Ticarət Qovşağı Azərbaycandan rəqəmsal ekosistemin inkişafını təmin etməklə yanaşı, dövlətlərarası münasibətlərin rəqəmsal müstəviyə keçməsini dəstəkləyir. Bu layihə ilə Azərbaycan regionda qeyri-neft sektoru üzrə ən rahat investisiya mühiti yaradıb və xarici investorlar üçün olduqca cəlbedici ölkəyə çevrilib. Rəqəmsal Ticarət Qovşağı qeyri-rezident investorların mövcud regionda investisiya layihələrini ən rahat və təhlükəsiz şəkildə həyata keçirmələri üçün unikal imkanlar yaradır. Ölkələr arasında rəqabətin gücləndiyi dövrdə belə bir islahatın aparılması olduqca mükəmməl düşünülmüş iqtisadi addımlardan biridir.

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı vasitəsilə dünyada ilk mobil rezidentlik və Estoniyadan sonra ikinci elektron rezidentlik təqdim edən ölkədir. İlk elektron rezidentlik Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. RTQ-nin yenilikləri bununla bitmir, dünya tarixində ilk dəfə qeyri-rezidentə mobil imza – “ASAN imza”nı məhz Rəqəmsal Ticarət Qovşağı İSESKO-nun baş direktoru Əbdüləziz ibn Osman-əl Tuveycriyə təqdim edib.

Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil-rezidentlik və elektron-rezidentlik vasitəsilə sənədləşmə ilə əlaqədar aparılan bütün proseslər çox sadə və bir o qədər təhlükəsiz hal alıb.

Elektron və mobil rezidentliyin xarici investor üçün üstünlükləri nələrdir? Ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezidentlər ölkəyə daxil olmadan, sərhədi keçmədən “dth.az” saytında qısa müddətdə qeydiyyatdan keçə bilər. Elektron və mobil rezidentlik əldə edən qeyri-rezidentlərə Rəqəmsal Ticarət Qovşağı vasitəsilə statistik məlumatlara əsasən, artıq yüzdən çox şəxs elektron və mobil rezidentlik üçün RTQ-yə müraciət edib. 2018-ci illə müqayisədə bu il müraciətlərin sayında artım qeydə alınıb.

Onlayn Vahid İxrac Ərizəsi

Rəqəmsal Ticarət Qovşağı, eyni zamanda, yerli sahibkarlar üçün də böyük imkanlar yaradır. Belə ki, ixrac prosedurlarının daha sadə, şəffaf və sürətli həyata keçirilməsi məqsədi ilə ixrac zamanı tələb olunan mənşə sertifikatı, fitosanitar, keyfiyyət, baytarlıq sertifikatı, gömrük bəyannaməsi, sərbəst satış sertifikatı kimi sertifikatlarını onlayn formada və yalnız bir müraciətlə “Vahid İxrac Ərizəsi” vasitəsilə təqdim edir. Bu da yerli ixracatçılara vaxta və xərclərə qənaət etmələrinə şərait yaradır. Həmçinin RTQ yerli sahibkarlar üçün yeni bazarlar da açmaqdadır. Belə ki, insan orqanizmi ilə birbaşa təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və sair məhsulların ixracı zamanı tələb olunan Sərbəst Satış Sertifikatı (Free Sales Certificate) Azərbaycanda ilk dəfə olaraq RTQ vasitəsilə yerli sahibkarlara təqdim olunur.

Azərbaycan MDB məkanında bu tip sertifikatı təqdim edən üçüncü ölkədir. “Gazelli Group”, “Azersun”, “AzNar QSC”, “Apiaz MMC”, “Brightman MMC” və digər şirkətlər artıq məhsullarını ixrac etmək üçün bu sertifikatı əldə ediblər. Bunun nəticəsində daha öncə ixrac zamanı məhdudiyyətlərlə qarşılaşan müvafiq məhsullar artıq Okeaniya, körfəz ölkələri, ABŞ, Çin, İndoneziya və digər böyük bazarlara çıxış əldə edirlər. Bu da öz növbəsində ixracı stimullaşdıraraq tədiyyə balansını müsbətə doğru dəyişir.

Rəqəmsal Ticarət Qovşağının digər funksionallıqları

RTQ-nin təklif etdiyi digər xidmətlər sırasında qeyri-rezidentlər üçün olan “e-company” vasitəsilə sahibkar onlayn şəkildə öz şirkətini qura bilər. “E-bank” xidməti vasitəsilə Azərbaycanda ilk dəfə banka getmədən, məsafədən bank hesabının açılması xidməti təqdim edilib. “E-wallet” xidməti vasitəsilə elektron pul kisəsi ilə bütün ödənişlər portal üzərindən həyata keçirilə bilər. Bununla da sahibkar öz vaxtına qənaət edə bilər. “E-document” vasitəsilə isə şirkətin bütün elektron sənəd dövriyyəsi həyata keçirilir. Bundan başqa, transsərhəd əməliyyatları, elektron sənəd dövriyyəsi, qarşılıqlı tanınma, gömrük bəyannamələrinin doldurulması və sair kimi xidmətləri də RTQ istifadəçilərə təqdim edir.

RTQ-nin beynəlxalq əməkdaşlıqları

Rəqəmsal Ticarət Qovşağı, həmçinin beynəlxalq əməkdaşlıq istiqamətində GUAM, İSESKO, “GazinformService”, “Asecco Data System” kimi böyük qurumlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə geniş fəaliyyət göstərib. Belə ki, transsərhəd əməliyyatların aparılması, qarşılıqlı imzaların tanınması və bununla da dövlətlərarası biznes əlaqələrinin yaxşılaşdırılması, e-ticarət və e-kommersiyanın inkişafının asanlaşdırılması istiqamətində RTQ bu qurumlarla memorandumlar imzalayıb.

RTQ onun funksionallığının, əhatə dairəsinin artırılması məqsədilə dünyanın dörd bir yanında təqdim olunub. Belə ki, Vaşinqtonda ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə, Brüsseldə keçirilən “EU4Business” beynəlxalq konfransında, Parisdə EU, OECD və SIGMA-nın birgə keçirdiyi nazirlər konfransında, Londonda Avropa E-İdentifikasiya və Təhlükəsizlik Assosiasiyasının 30 illik Konfransında və daha onlarla beynəlxalq tədbirdə Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti, qeyri-rezidentlərə təqdim etdiyi xidmətlər barəsində geniş məlumat verilib.

Rəqəmsal Ticarət Qovşağı yalnız beynəlxalq qurumlarla deyil, eləcə də yerli qurumlarla da əməkdaşlıq fəaliyyətini inkişaf etdirir. Cari ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb və tarixdə ilk dəfə diaspor nümayəndəsinə elektron imza təqdim edilib. Memorandumun imzalanmasında məqsəd xaricdə yaşayan və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən həmvətənlərimizə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, bununla da “Made in Azerbaijan” brendinin təşviqinə təkan verməkdir.

Rəqəmsal Ticarət Forumu

Rəqəmsal Ticarət Qovşağı artıq üç ildir ki, davamlı olaraq beynəlxalq konfranslara ev sahibliyi edir. İldən-ilə əhatə dairəsi və iştirakçı sayı artan konfransların keçirilməsində məqsəd elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökumət sahələrində yeniliklərin tədqiq olunması, mövcud yerli və beynəlxalq təcrübə üzrə fikir mübadilələrinin aparılması, həmçinin innovasiyaların ictimaiyyətə doğru şəkildə ötürülməsidir.

Bu il keçirilən III “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” beynəlxalq forumunda ilk dəfə dövlət və özəl Tərəfdaşlığı müqaviləsi “ASAN imza” vasitəsilə onlayn imzalanıb. Müqaviləni fəaliyyət sahəsi üzrə kifayət qədər uğur qazanmış tərəflər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “PAŞA Bank”, “B.EST Solutions”, “AzerTelecom” imzalayıblar. Onlayn müqavilənin imzalanması ilə tərəflər vahid bir sistem kimi, Azərbaycanın rəqəmsal qovşaq kimi regionda və dünyada mövqeyinin gücləndirilməsi üçün birgə fəaliyyətə başlayacaqlar.

Sözsüz ki, uğurlu inkişafdan, əldə edilən yüksək nailiyyətlərdən danışanda ilk növbədə aparılan islahatların məqsədyönlü olduğuna xüsusi diqqət çəkmək lazımdır. Strateji yol xəritələrində də bu sahəyə aid islahat tədbirlərinə nəzər yetirildikdə rəqəmsal iqtisadiyyatın inkişafının öncədən və planlı şəkildə hədəflənmiş bir addım olduğunu görə bilərik.

Məhz Prezident İlham Əliyevin ölkədə informasiya və kommunikasiya sahəsinə verdiyi diqqətin nəticəsi olaraq Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizləri üzərində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, həm də rəqəmsal layihələri dəstəkləyir. Bununla da Azərbaycan artıq regionda lider dövlətlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.