ELM VƏ TƏHSİL


“Rəqəmsal bacarıqlar” layihəsi Londonda beynəlxalq sərgidə təqdim ediləcək

Bakı, 18 yanvar, AZƏRTAC

“İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsi yanvarın 23-dən 26-dək Londonda keçiriləcək “Bett Show 2019” təhsil texnologiyaları sərgisində təqdim ediləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum tərəfindən “Algoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən pilot layihə üzrə görülən işlər ayrı-ayrı stendlərdə nümayiş olunacaq. Bundan əlavə, layihənin təqdimatı çərçivəsində “Rəqəmsal bacarıqlar: təhsil prosesinin ölkə daxilində dəyişdirilməsi” və “Uşaqlar üçün İT təhsili: miqyaslı keyfiyyət” mövzularında iki seminar keçiriləcək.

Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən reallaşdırılır. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və ümumilikdə 26 min şagirdi əhatə edir.

“Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi hər kəsi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Bu il sərgidə 131 ölkədən 3 min 500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gələcək. Sərginin əsas mövzulardan biri “XXI əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.