ELM VƏ TƏHSİL
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 6 nömrəli məktəb-liseyə mediatur
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Bakının 12 məktəbində və Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan “Kod saatı”nın birinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində 6 nömrəli məktəb-liseyə mediatur təşkil olunub. Mediaturda iştirak edən KİV nümayəndələrinə “Rəqəmsal bacarıqlar” layihəsi barədə ətraflı məlumat verilib.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu direktorunun müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov jurnalistlərə müsahibəsində bildirib ki, Təhsil Nazirliyinin və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyilə keçirilən tədbirdə 8-14 yaşlı məktəblilər iştirak edirlər. “Kod saatı” təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda “Kod saatı” dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
Qeyd edilib ki, ölkəmizdə bu aksiya 2017-ci ildən keçirilməyə başlayıb. “Kod saatı” hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. “Kod saatı” çərçivəsində iştirakçılar bir saat müddətində oyun formatında, “Scratch” mühitində məsələləri həll etmək imkanı əldə edirlər. “Scratch” – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. “Kod saatı”nın ikinci mərhələsi martın 23-də onlayn təşkil olunacaq. İkinci mərhələdə ölkə üzrə məktəblilər iştirak edə biləcəklər.
Bu aksiya “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində həyata keçirilir və ikinci tədris ilidir ki, respublikamızda tətbiq olunur. Hazırda respublika üzrə 26 min 500-dən çox şagirdi əhatə edir. Layihə Bakı şəhəri üzrə 65, Gəncədə 6, Biləsuvarda isə 1 məktəbdə tətbiq olunur. Növbəti ildə layihənin miqyası genişlənəcək və 100 mindən çox şagirdi əhatə etməsi nəzərdə tutulur.